Şirkin iki təməl səbəbi

İnsanları şirkə aparan iki əhəmiyyətli səbəb vardır. Bunlar cəhalət və səmimiyətsizlikdir. İnsanın şirkdən qurtulması və şirkə düşməməsi üçün əvvəlcə lazımi və kifayət qədər imani məlumata sahib olması, daha sonra da səmimiyyətsizlikdən şiddətlə çəkinməsi lazımdır.

Cəhalət
Allahın Quranda xəbər verdiyi faktorların ən əhəmiyyətlilərindən biri din əxlaqı mövzusundakı cəhalətdir. Bir ayədə şirk qoşanların biliksiz bir birlik olduğu belə bildirilir:

Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki onlar haqqı bilməyən bir qövmdür. 
(Tövbə surəsi, 6)

Xalis imanın şərti olan biliyə insan ancaq Quran və hədislər sayəsində çata bilər. Quranda insanlara tövhidin nə demək olduğu açıq şəkildə bildirilmişdir. Allahdan başqa ilah olmadığı, bütlərin nələr olduğu, təmiz bir imanın necə olması lazım olduğu, Allahın razı olduğu rəftar, davranış və düşüncənin necə olduğu, nələrin necə bir düşüncə və davranış formasının şirkə yol aça biləcəyi, nəfsin tələləri, şeytanın hiylələri, çəkinilməsi lazım olan əxlaq və davranışlar bir-bir, incəliklə təsvir edilmişdir. Peyğəmbərimiz (s.ə.v) də həyatı boyunca bütün bu həqiqətləri təfərrüatlı olaraq açıqlamışdır.

Yeri gəlmişkən bəhs etdiyimiz öyrənməyin, əlbəttə ki, yalnız bir məlumat artırma olmadığını vurğulamaq lazımdır. Quranda diqqət çəkilən məlumat, yəni "elm", insanın ürəyinə təsir edən, onun ağlını və vicdanını hərəkətə keçirən bir məlumatdır. Əgər bu cür bir anlayış olmazsa, insan Quranda izah edilənləri yalnız məlumat olaraq öyrənsə, bunun faydası olmaya bilər.

Quranda Allahın birliyini, Ondan başqa heç bir tanrı olmadığını xəbər verən, həmçinin şirk mövzusu və şirk qoşanların vəziyyətləri haqqında çoxlu sayda ayə vardır. Bu mövzuların tez-tez vurğulanması və ən incə təfərrüatlarıyla tərif edilməsi, bu mövzuların qavranmasının insanlar üçün nə qədər həyati bir əhəmiyyətə sahib olduğunu göstərməkdədir. Quranı lazimi kimi oxuyub düşünməmiş bir insanın isə, əlbəttə, bu təməl həqiqətləri bilməsi mümkün deyil. Bu kimsə Quranda ifadə edildiyi kimi "cahil"dir.

Bəhsi keçən kəslərin vəziyyəti Quran göndərilməmişdən əvvəl dindən imandan xəbəri olmadan yaşayan müşrik cəmiyyətinin vəziyyətindən fərqlənmir. Quranın endirilməsindən əvvəlki dövr, ayələrdə məlumatsızlığın, cahilliyin hakim olduğu dövr mənasını verən "cahiliyyə" olaraq adlandırılır. Ancaq Quran endirildiyi halda Qurana uymayan bir kimsə, istərsə aradan 1400 il keçsin hələ də bir cahiliyyə fərdidir. Üstəlik, Quran əlinin altında olmasına baxmayaraq, onun çatdırdığı doğru yola tabe olmadığı üçün cəhalətinə və şirkinə görə heç bir bəhanəsi və üzürü də ola bilməz. Bu adam istəsə atadan, babadan qalma eşitdiyi məlumatlarla, xurafatlarla dindar olduğunu iddia etsin, Quran əxlaqını yaşamadığı müddətcə cahildir və Quranda nəzərdə tutulan imana və anlayışa hələ qovuşa bilməmişdir. Allahın nazil etdiyinə və elçiyə tabe olmayaraq, atalarının yoluna tabe olanlar əslində məlumatsızlıq və azğınlıq üzərində qurulmuş bir anlayışa tabedirlər. Bu həqiqətə Allah Quranda belə diqqət çəkir:

Onlara: “Allahın nazil etdiyinə və göndərdiyi Elçiyə tərəf gəlin” – deyildikdə: “Atalarımızın tutduğu yol bizə bəsdir” – deyirlər. Əgər ataları bir şey bilməyib, doğru yola yönəlməyiblərsə onda necə olsun? (Maidə surəsi, 104)

Quranda peyğəmbər göndərilən, buna baxmayaraq şirk qoşan qövmlərin cahil olaraq xarakterizə edildiklərini görərik. Bu da bizə cəhalətin həqiqətən də şirkin təməlindəki çox əhəmiyyətli bir faktor olduğunu göstərir. Mövzuyla əlaqədar ayələrdən bir neçəsi belədir:

Biz İsrail oğullarını dənizdən keçirtdik və onlar öz bütlərinə tapınan bir qövmə rast gəldilər. Onlar dedilər: “Ey Musa! Onların məbudları olduğu kimi, bizim üçün də bir məbud düzəlt”. Musa dedi: “Həqiqətən, siz cahil bir tayfasınız.  (Əraf surəsi, 138)

 

Ad tayfasının qardaşını xatırla! Bir zaman o özündən əvvəl də, sonra da qorxudan peyğəmbərlər gəlib-getmiş qumsal təpələrdə yaşayan tayfasını: “Allahdan başqasına ibadət etməyin. Mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram!” deyə xəbərdar etmişdi. Onlar isə demişdilər: “Sən bizi məbudlarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini gətir!” Hud dedi: “Bu haqda bilgi ancaq Allaha məxsusdur. Mən sizə yalnız mənimlə göndərilənləri təbliğ edirəm. Lakin mən sizin cahil adamlar olduğunuzu görürəm”. (Əhqaf surəsi, 21-23)

Yuxarıdakı ayələrdə bəhs edilən "cahillik etmə" anlayışında çox hikmətli bir məna vardır. Belə ki, ayələrdə istifadə edildiyi mənayla cahillik etmək yalnız bilməməyi deyil, bildiyi, həqiqətləri görüb tanıdığı halda anlamazlığa vurmağı da əhatə edir. Hz. Musanı və ona endirilən Tövratı bilən, hz. Musanın təbliğinə, onun Fironla olan mübarizəsinə şahid olan İsrail oğullarından bəzilərinin vəziyyəti buna bir nümunədir. İsrail oğulları içindən bir qisim insan bu qədər elmə qovuşduqdan sonra heç bir şey bilmirmiş kimi Allahdan başqa ilah istəmişlər (Allahı tənzih edirik), üstəlik bu tələblərini də hz. Musaya söyləmişdilər. Bu, olduqca təəccüblü və ibrətamiz bir vəziyyətdir. Buradan da, cahillikdən xilas olmağın yolunun elm öyrənməkdən atıq, ürəyə yansımış, ürəkdə təsir oyandıran, düşüncə və davranışlarda əksini tapan bir elmi qavramaq olduğunu anlayırıq.

Necə ki, şirkə düşərək azmış bəzi köhnə qövmlərin, xüsusilə də İsrail oğullarından bəzi kəslərin (səmimi olanları tənzih edirik) səhvi buradadır. Əllərində böyük bir məlumat olmasına, üstəlik bu məlumatı çox yaxşı öyrənmələrinə baxmayaraq, yenə də azmışdılar. Buna görə Quranda belə davranan kəslər "kitab yüklü uzunqulaq" olaraq adlandırılır. Allahın ayədə bildirdiyi kimi; "Onlara Tövrata əməl etmək tapşırıldıqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan, amma onlardan faydalana bilməyən uzunqulağa bənzəyirlər. (Cümə surəsi, 5)


Quranda bəzi yəhudilərdən söz gedərkən həmçinin, "Halbuki, onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər." (Bəqərə surəsi, 75) şəklində də xəbər verilir. Bu da elmə sahib olmağın tək başına kafi olmadığını, bir də bu məlumatı həqiqətən Allah qorxusuyla qiymətləndirəcək səmimi bir ürəyin lazımlı olduğunu göstərər.
Beləcə, şirkdən təmizlənmiş xalis bir imana sahib olmağın bir digər əhəmiyyətli şərti görünür: "Səmimiyyət". Təbii olaraq bunun əksi olan "səmimiyyətsizlik" də adamı şirkə sürükləyən faktorlardan biri olur.

 

Səmimiyyətsizlik
Burada səmimiyyətsizlik deyərkən nəzərdə tutduğumuz insanın həqiqətləri gördüyü, öyrəndiyi halda, nəfsinin dünyəvi mənfəətlərini güdmək uğrunda həqiqətlərə uymaması, hətta bunların tam əksinə hərəkət etməsidir. Quranı lazımi kimi oxuyan, ağla və vicdana sahib olan bir kimsə Allahın razı olacağı rəftar və əxlaq formasının necə lazım olduğunu görər və anlayar. Ancaq səmimiyyəti dərəcəsində bu anladığına uya bilər və həyatını buna görə şəkilləndirər.

Səmimiyyətsiz insan bəzi kiçik hesablar və mənfəətlər uğrunda, bildiyi doğruları bir anda tərk edə bilər. İstəklərinin, yəni nəfsinin istək və arzularının,  ehtiraslarının arxasınca gedər. Allahın sərhədlərini aşar, əmrlərini gözardı edər. Qısaca, dünyaya meyil edər, axirətini isə çox ucuz bir qiymətə satar.

Unutmaq olmaz ki, insan Allahın əmrləri ilə nəfsinin əmrləri arasında bir seçim etməsindən bəhs edərkən nəfsinə tabe olarsa, nəfsini Allaha şirk qoşmuş olar. Bu mövqeyindən imtina edib tövbə etmədikcə də şirkdən təmizlənməz. İstəsə nəfsiylə toqquşmayan digər mövzulara son dərəcə diqqət göstərsin yenə də bu vəziyyət dəyişməz. Məsələn, bir insan kənardan baxıldığında çox ibadət edir kimi görünə bilər, həqiqətən bəzi ibadətləri edə də bilər. Ancaq bu adam bilə-bilə Allahın tək bir hökmünə məsuliyyətsiz yanaşarsa, məsələn 5 vaxt namazını qılmırsa, bu nöqtədə vicdansızlıq edir və ya daha doğru bir deyimlə nəfsini seçmiş olar. Üstəlik, nəfsinin istək və arzuları istiqamətində, bilə-bilə, təkidlə, tövbə etməyib peşmanlıq duymadan bu rəftarına davam edirsə bunun mənası şirk ola bilər. Belə kəslər işlərinə gəlməyən mövzularda Uca Rəbbimiz Allahın əmrlərini tərk edib istəklərinə uyduqları üçün ağılsız istəklərini ilah edər, bu səbəbdən müşrik olarlar. Müşriklərinsə tövbə etmədikləri və dirəndikləri müddətcə, ibadətləri də daxil olmaqla bütün etdikləri boşa çıxacaq. Allah Quranda belə bildirir:

Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan. Sən yalnız Allaha ibadət et və şükür edənlərdən ol!”(Zumər surəsi, 65-66 )

Bura qədər aydın olacağı kimi, nəzərdə tutduğumuz mənada səmimiyyətsizlik, tamamilə din əxlaqından uzaq kəslərə xas bir vəziyyət deyil. Səmimiyyətsizliklərinə görə şirkə girən kəslər bəzən dindar görünüşləri altında ikili standart tətbiq edən kəslərdir. Belə kəslər bir tərəfdən dünyalarını qurtarmağa, nəfslərini məmnun etməyə çalışarkən bir tərəfdən də din əxlaqına əməl edirmiş kimi görünərək vicdanlarını rahat etməyə çalışarlar. Bunlar dini, Allahın istədiyi, Quranda bildirdiyi və Peyğəmbərimiz (s.ə.v)-in öyrətdiyi şəkildə deyil, öz istəkləri istiqamətində yaşayarlar. Yəni özlərinə görə batil bir din meydana gətirər və bunu yaşayarlar. Amma etdikləri şeyin mənası açıqdır; Allahın razılığını deyil, nəfslərinin razılığını seçmişlər. Səmimi bir imanda isə belə bir şeydən söhbət gedə bilməz. Nəfsin istəkləri, əmrləri, təlqinləri heç əhəmiyyətli deyil. Əhəmiyyətli olan tək şey Allahın istəkləridir; mömin Allahın razılığını və məmnuniyyətini qazanmaq üçün nəfsinə asanlıqla söz keçirər. Allahın əmr və qadağanlarına qarşı son dərəcə diqqətcil olar. Allaha olan sıx sevgisi, qorxusu, bağlılığı bunu tələb edir. Buna görə heç bir mövzuda nəfsiylə dini arasında bir seçim etməz. Əgər bir mövzuda Allahın məmnun olacağını ümid etdiyi yolu anladısa vaxt itirmədən onu edər.

Möminlərin tam əksi bir anlayışa sahib olan müşriklər isə, ilk olaraq Allaha qarşı səmimiyyətsizdirlər. Allah bunların ürəklərindən keçəni, niyyətlərini bilir və hər etdiklərinə şahid olur. Halbuki, müşriklər bu açıq həqiqətə baxmayaraq Allaha qarşı səmimi davranmır, iki üzlü rəftarlarına davam edirlər. Səmimiyyətsiz şəkildə qarşıya qoyduqları, hətta özlərini belə inandırdıqları bəhanələrin qəbul ediləcəyini düşünürlər. Onsuz da soruşduqda demək olar ki, hamısı özlərini cənnətə layiq görərlər.

Müəyyən bir məlumata sahib olduğu halda bilə-bilə şirkə yönələn adamın bəsirət qabiliyyətinin bağlandığı Quranda bildirilmişdir. Buna görə müşriklərin bu cür anlaşılmaz, səmimiyyətsiz, ikili standart münasibətlərində hər hansı bir ağıl və məntiq axtarmaq əslində mənasızdır. Bu həqiqət göz qarşısında saxlanıldığında, səmimiyyətsizliyin və bundan qaynaqlanan şirkin təməlində bir növ şüursuzluq və Allahı lazımi kimi təqdir edə bilməmək olduğu aydın olur. Zumər surəsində müşriklərin bu şüur nöqsanlığından belə söz edilir:

Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki, Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların Ona qoşduqları şəriklərdən ucadır. (Zumər surəsi, 67)

Səmimiyyətsiz iki üzlü bir müşrik yalnız özü üçün deyil ətrafı üçün də bir təhlükədir. Çünki özü çəkinmədən, sıxılmadan şirk qoşarkən bir tərəfdən də digər insanları buna təşviq edir. Bu təhlükədən xilas olmağın tək yolu isə səmimiyyətdir. Bir insan bütün ömrünü şirk içində keçirmiş və ya bilmədən bu cür insanların arxasınca gedə bilər. Amma bilməlidir ki, bir gün tövbə edib, səmimi bir ürəklə Allaha yönəlsə əlbəttə ki, Allahdan qurtuluş ümid edə bilər. Bunun üçün əsas olan isə həyatının hər anında, hər saniyəsində yalnız Allahın razılığını əsas tutmaq, din əxlaqını Allahın sonuncu haqq kitabı olan Qurandan və hədislərdən öyrənmək və öyrəndiklərini tam mənasıyla tətbiq etməkdir. Amma unutmaq olmaz ki, əməl edərkən heç bir bəhanə, şərt qoymamalı Allahın hökmlərinə və razılığına qeyd-şərtsiz təslim olmalı və heç vaxt itirmədən tətbiq etməlidir. Bu təqdirdə əlbəttə ki, Əfvi bol olan Allahdan rəhmət ümid edə bilər. Bu həqiqətə Allah Quranda belə diqqət çəkmişdir:

Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl Sözə tabe olun! 
(Zumər surəsi, 53-55)